İMlər 

geceadi@gmail.com

 Rasim Qaraca / Danışıqlar- Lit.az-a müsahibəsi

+ Danışıqlar:


 

Rasim Qaraca: Bəzən özümü yazıçılıqdan əl çəkmiş kimi göstərirəm

 
-Nədən başlayaq Rasim bəy, bəlkə elə “Alatoran”ın yenicə dərc olunmuş 11-ci sayına bir nəzər yetirək? Daha oxunaqlı alınıb bu dəfəki buraxılış, məncə. Sizin “Kim yatmış, kim oyaq” adlı yazınız müəyyən mənada Andrea Moruanın “Tanatos mehmanxanası”nı xatırlatdı mənə:  “Div”iniz həmin əsərdəki mehmanxana sahibini, “Cırtdan”ınızsa tərəddüd içində olan mehmanı andırır. Belə çıxır ki, mübarizə aparmağın heç bir əhəmiyyəti qalmayıb?

-Mən öz hekayəm haqqında deyil, daha çox jurnalda dərc olunmuş yeni imzalar haqqında danışmaq istərdim. Bir məsələni təkrar-təkrar dilə gətirməkdən usanmıram; Azərbaycan yeni ədəbiyyatı var, ana dilimizdə modern estetikaya uyğun əsərlər yaranır və bundan sonra da yaranacaq. "Alatoran"ın qayəsi bu həqiqəti əks elətdirməkdən, çatdırmaqdan ibarətdir. Dolayısıyla, sadəcə ədəbiyyatın olması deyil, modern ədəbiyyatın olması bizim üçün önəmlidir. Digər ədəbiyyat qurumları və dərgiləriylə aramızdakı prinsipial fərq də elə bundan ibarətdir. Yeni yaranan əsərin müasir oxucu zövqünə cavab verməsi elə onun mübariz olması deməkdir. Zamanın ön cəbhəsi bu gündür, indiki zamandır. Əgər yazıçı indiki zamana mənsubdursa bu onun mübariz olduğundan xəbər verir... Mənə görə şərə qarşı mübarizə aparmaq heç zaman əhəmiyyətini itirməyib. Fəqət əskilərdə qazanılmış “xeyir”, “şər” və “mübarizə” anlayışlarının da bu gün təftişə ehtiyacı var. Postmodern tənqidə görə mütləq xeyir və mütləq şər yoxdur, bütün şərlər yarımxeyir, bütün xeyirlər isə yarımşərdir. Hadisələrin maksimal qütbləşdirilməsi tarixən daha eybəcər mənzərələri meydana gətirib. Ədəbiyyata gəldikdə isə, gördüyünüz kimi mütləq müsbət qəhrəmanlar iflas edib, bu o deməkdir ki, mütləq xeyir axtarışında olan klassik ədəbiyyat mənasını itirib. Artıq hər şey yazılıb, ədəbiyat mənasını itirib düşüncəsinin heç bir bəraəti ola bilməz, əksinə, postmodern çağ ədəbiyyatı sıfırdan başlamaq tələbi qarşısında qoyub.  Ən gözəl əsərlər hələ bundan sonra yaranacaq.

-Dante deyərmiş ki, “İlahi komediya”nı çox az adam oxuyacaq, amma əksəriyyət özünü elə aparacaq ki, guya bir cümləsini də buraxmayıb bu əsərin.  “Alatoran”ın oxucuları çoxalır, “oxudum” deyənləri azalır.  Bunu necə izah eləmək olar?

-“Alatora”ın oxucusu çoxdur deyə bilmərəm. Hələlik kiçik tirajla buraxırıq jurnalı, ancaq potensial oxucularımız çoxdur. Təəssüf, hələ abunə şəbəkəsini qura bilməmişik. Güney Azərbaycanda, Rusiyada, Avropa və Amerikadakı oxucularımızın çox az bir hissəsinə jurnal göndərə bilirik. Rayonlara da barmaqla sayılacaq qədər göndəririk. Halbuki, istək qatbaqat çoxdur. Sizin sualınıza cavab olaraq deyim, jurnalı şox yüksək sevinc və sevgi hissiylə qarşılayanlar da var, bəyənməyənlər də. Bu günlərdə Almaniyada yaşayan və əslən Güney Azərbaycandan olan gənc bir yazıçıdan aldığım məktubdan bir parçanı burada gətirmək istəyirəm: “Mən Alatoranı tapmaqla bir quşun uça biləcəyi göyü tapması kimi oldum. Elə ilk baxışda Alatoranın hansı bir dünyaya can atmasını dərindən duydum. Mənim dilimdə yazanların belə bir dünyaya can atması mənim uzun illər boyu arzum olmuşdur və Alatoran mənim bu arzumun gerçəkləşməsi deməkdir.” Bu sözlər mənim üçün çox mənalıdır. Mən özüm “Alatoran”ın hansı misyonu daşıdığını yaxşı bilirəm və hədəflərim də olduqca konkretdir. Ancaq bunu açıqlamağa lüzum görmürəm. Jurnalın adından da hər şey aydındır; biz qaranlıqdan işığa doğru gedirik, işığı seçənlərlə birlikdəyik. Şair Əli Kərimin sözlərini xatırlayın: “işığa həsrət qalan göz işıq sevən kimi”...

-“Modern ədəbiyyat”-bu Azərbaycan gerçəkliyində gəlişigözəl söz birləşməsidi, ya doğrudan da siz elə bu növ ədəbiyyat yaradırsınız? Jurnalınızın bu sayında Seymur Baycanın “Qar” adlı romanından bir hissə dərc olunub. Əsərin qəhrəmanı avtobusda bir qadının ona necə sürtüşməsini təsvir eləyir. Sizcə, budumu modern ədəbiyyatın təzahürü:  yalnız real olanı göstərməkdən çəkinməmək? Axı, bunu 200 il bundan qabaq Markiz de Sad da eləyib...

-Gəlin ədəbiyyat anlayışıyla əbədiyyət anlayışı arasında bərabərlik işarəsi qoyanlardan olmayaq. Bizim gənc yazarlar arasında da dolaşan yanlış bir düşüncə var, guya yazıçı insani hisslərdən yazır ki, bu hisslər də min il bundan əvvəl necəydisə eləcə dəyişməz qalıb, buna görə də toplanılmış filoloji təcrübənin heç bir əhəmiyyəti yoxdur. Mövlana Cəlaləddin Rumidə, Yunis İmrədə və ya Nizami Gəncəvidə postmodernizmin izlərini axtaranlara da rast gələ bilərsiz. Məncə, postmodern də daxil olmaqla, modern ədəbiyyat anlayışı bu sahədə ən son təcrübəni ifadə etməkdədir. Bəli, bu təcrübə Rumi, Nizami və Markiz de Sad da daxil olmaqla bu günə qədər qazanılmış dəyərli olan hər şeyi özündə birləşdirməkdədir. Dolayısıyla ədəbiyyat anlayışı çoxparametrli bir anlayışdır, burada “əsl həqiqət” məfhumu keçərli deyil, çünki hər şey həqiqətdir. Seymur Baycanın son romanını da birmənalı qiymətləndirmək düzgün deyil. Əsər tələsik yazılıb, çoxlu boşluqları var, nöqsanlar təbiidir, onları bir tərəfə qoyaq. Ancaq, yeni Azərbaycan romanı axtarışları içərisində, bu əsəri hələlik ən uğurlu əsər hesab etmək olar. Əsərin məntiqi vurğusu açıq səhnələrdə və ya açıq leksikon üzərində deyil (ümumiyyətlə əsər məntiqi vurğudan məhrumdur, yazıçı bilərəkdən bu yolu seçib), əsərdə çox ülvi məqamlar da var, məncə çağdaş Azərbaycan gəncinin faciəsi romanda dolğun şəkildə öz əksini tapıb... “Modern ədəbiyyat” anlayışı bu gün Azərbaycanda məhz Seymur Baycanın, Nərmin Kamalın, Orxan Eypin, Sevinc Pərvanənin və neçə-neçə gənc yazıçının sayəsində gəlişigözəl söz birləşməsi olmaqdan çıxmışdır artıq. 60-cılar ədəbi nəslinin psevdomodernizmini gənclərin gerçək modernistik əsərləri kölgədə buraxmışdır.  

-Bu günlərdə Azad Yazarlar Ocağının kitabxanası seriyasından növbəti kitab- “Norveç yazıları” adlı roman dərc olunub.  Zənnimcə, Alı Səbri, sizin təbirinzcə desəm, “birinci şəxsin dilindən” maraqlı bir əsər yazıb. Çoxlarınınsa hələ də bu kitabdan xəbəri yoxdu.

-“Norveç Yazıları” bir çox cəhətdən əlamətdar əsərdir. Birincisi, bu roman son dərəcə praktik bir əsərdir, Avropaya mühacirətə getmək istəyən hər bir azərbaycanlı bu əsərdən praktik olaraq faydalana bilər, çünki əsər bilavasitə Norveçdə qaçqın həyatı yaşayan bir soydaşımızın təcrübələrini əks elətdirməkdədir. İkincisi, bu əsər Güney Azərbaycanda yetişməkdə olan yeni nəsil yazarların qələmə aldığı ilk romandır və ya ilk romanlardan biridir. Daha çox şeir və hekayə janrında qapanmış Güneyli gənc yazarların roman janrına müraciət etməsi çox əhəmiyyətlidir. Önəmli olan, bu dəyərli kitab artıq çapdan çıxıb və gec-tez o öz oxucusunu tapacaq.

-Rasim bəy, son zamanlar şeir yazmırsınız, deyəsən publisistika sizi daha çox məşğul eləyib?

-Mən özümü yazıçı kimi şanslı bir insan saymıram. İlk şeirimi 30 yaşımda çap etdirmişəm, ilk kitabımı 12 il ondan sonra. Nəsə bir şey yazmaq istəyəndə gözəgörünməz şər qüvvələri öz ətrafımda səfərbər edirəm. Onları yuxuya verməkdən ötrü bəzən uzun müddət özümü yazıçılıqdan əl çəkmiş kimi göstərirəm... 93-99-cu illərdə də demək olar heç bir şey yazmamışdım.

-Bilirəm ki, tərcümə məsələsi yaralı yerinizdi. İstərdim bu barədə danışaq.  Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam imzalayıb, dünya ədiblərinin əsərləri ana dilimizdə nəşr olunacaq.  Konkret olaraq hansı əsərlərin tərcüməsi çox vacibdi, sizcə?

-Prezidentin sərəncamları yaxşıdır, ancaq bu sərəncamların icrası baxın kimlərə tapşırılır və bu sərəncəmlar necə yerinə yetirilir? Latın əlifbasıyla əsərlərin yenidən çapı layihəsini yadınıza salın, siyahı hazırlananda çoxlu dəyərsiz əsərlərin və yazıçıların adlarını oraya daxil etmişdilər, siz deyin, Süleyman Rüstəmin, Rəsul Rzanın əsərlərinin 5 cilddə özü də 25 min tirajla yenidən dərc olunmasına nə ehtiyac var idi. Həmin layihədə əksini tapmış onlarca yazıçının adlarını çəkə bilərəm, əsərlərinə olan oxucu tələbi sıfır həddindədir. O cümlədən tərcümə layihəsi də quş qoymaq xatirinə olmamalıdır... Tərcümə olunacaq əsərlərin listəsini kimlər hazırlayacaq və bu tərcümələr kimlərə həvalə olunacaq – bu önəmlidir. Qorxulu orasıdır, ədəbiyyat məsələlərinin həvalə olunduğu məmur-yazıçılar bu işə plan doldurmaq prinsipi ilə yanaşalar... Tərcümə olunacaq çox sayda əsərlər var ki burada onların adlarını yazmaq yersiz olardı. Hər halda namuslu və yeni düşüncəli insanlardan oluşan bir komissiya bu adlara qərar verməlidir. Tərcümə məsələsi milli varlıq məsələsidir. Ədəbiyyat və digər sahələrə aid təməl əsərlər ana dilimizə tərcümə olunmalıdır. Əks təqdirdə Azərbaycan dili öz işləkliyini itirəcək, məhəlli bir dilə çevriləcək. 

-Yəqin mənimlə razılaşarsınız ki, dünya ədəbiyyatının dilimizə çevrilməsi nə qədər vacibdirsə, edilən tərcümənin keyfiyyətli olması da bir o qədər mühümdür. Bu gün oxucuların və ədəbiyyatçıların yekdil qənaəti belədir ki, indiyədək dilimizə çevrilmiş dünya ədəbiyyatı nümunələri ya təhrif edilib, ya da yanlış seçilib. Guya ki, belə hal ancaq bizdə görünüb. Məsələn, məşhur çex yazıçısı Milan Kundera müəllifi olduğu “Zarafat” romanının fransızcaya tərcüməsini 30 il gec-fransız dilini mükəmməl öyrəndikdən sonra oxuya bilib. Oxuyub və başa düşüb ki, tərcüməçi fransızdillilərlə əməlli başlı “zarafat” eləyib, bu “zarafat” o “Zarafat” deyil və əsəri özü yenidən tərcümə eləyib.  İndi də adamlar yeni “Zarafat”ı qəbul eləmək istəmir. Qorxuram, bu “ədəbi aqibət”dən bizə də qismət ola.

-Dediyiniz sözlərlə tamamən razıyam, bu aqibətin bizi yaxalaması üçün olduqca münbit şərait var... Sizə bir misal çəkim, mən xarici ədəbiyyatı iki qaynaqdan – Rusiya və Türkiyə nəşrlərindən oxuya bilirəm və təcrübəmə əsasən rus nəşrlərini daha mötəbər bilirəm, məsələn, Qabriel Markesi türkcə oxumaqdansa, rusca oxumağa üstünlük vermişdim. Çünki Rusiya tərcümə məktəbi məncə daha sağlamdır, Sovet zabitə sistemi burada silinməz qayda-qanun buraxıb. Türkiyədə isə tərcümə işi kommersiya məsələsidir, burada başdansovdu və naşı tərcümələrə daha çox rast gəlmək olur. Dolayısıyla tərcümə məsələsi belə asanlıqla öhdəsindən gəlinəcək bir məsələ deyil. Xüsusilə bədii tərcümə hər dil bilənin və yoldan ötənin başaracağı iş deyil. 

-Rasim bəy, çox qəribə bir mənzərə yaranıb: hamı nəsə yazır, şeir qoşanlar, hekayə uyduranlar, roman qaralayanlar elə çoxalıb ki, oxucu tamam özünü də, başını da itirib. Və indi həmin təkəmseyrək oxucu da dönüb olub şair, yazıçı. Bir sözlə, mizan-filan qalmayıb. Belə bir mühitdə ciddi ədəbiyyatla məşğul olmaq olarmı? Məsələdən ayrılmamış bir sual da verim: məsələn, bu gün “Alatoran”da dərc olunmaq üçün hər hansı meyar, ölçü, tələb varmı? Gizlətməyəcəm, “Alatoran”da kifayət qədər istedadlı qələm səhiblərilə bərabər, bəzən kalların da yazı-pozuları dərc olunur.

- Şeir, hekayə yazanlar nə qədər çox olsa o qədər yaxşıdır. Həyata yeni atılan gənclərin bu sayaq özünü ifadə etmək istəyi varsa buna yalnız sevinmək lazımdır. İnsanın yazıya sarılması onun eyni zamanda kitab oxuması deməkdir. Məndən olsa şer yazmağı industriya halına gətirərdim, qoy hər kəs şer yazsın, burada pis heç nə yoxdur. Şer yazan insana pis demək, onu küsdürmək böyük cinayətdir. Çap olunmaq da axı insanın ən təbii haqqıdır, buna qarşı durmaq mümkün deyil... “Alatoran”da siz dediyiniz mənada kəskin ölçü və meyarlar yoxdur. Bu spontane meydana gələn bir dərgidir, bədii əsər kimi bir şeydir, bəzən zəif də çıxa bilər. Gənc yazıçıları qorxutmamaq, mən də burada çap oluna bilərəm imajı doğurmaq məncə lazımdır. Üstəgəl, “Alatoran” müəllif mərkəzli jurnaldır, əsər mərkəzli deyil. “Alatoran”a üz tutub şeir və hekayə göndərən gəncləri geri qaytarmaq istəmirəm. Onlar tezliklə öz zəifliklərini görüb geri çəkləcəklər və ya növbəti dəfə daha yaxşı əsərlərlə gələcəklər. Təcrübədə bu özünü doğruldub. 

-Uğurlarınız barədə yeni-yeni xəbərlər eşitmək azrzusuyla sizə təşəkkür eləyirəm


- Mən də sizə minnətdaram

Həmsöhbət: Cavid Cəfərzadə
(Lit.az)