İMlər 

geceadi@gmail.com

 Rasim Qaraca / Danışıqlar- Lit.az-a müsahibəsi

+ Öykülər?


 

Kim yatmış, kim oyaq?

(Cırtdan xalq nağılına dekanstrakşn)

 

Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxları bilmir. Yadınızdadırsa div gecə yarı uşaqların yatdığı otağa daxil olub “kim yatmış, kim oyaq?” deyə soruşmuşdu, Cırtdan isə cavabında ona “hamı yatmış Cırtdan oyaq” cavabını vermişdi.

Bu cavabı eşidən div dərin düşüncələrə dalmışdı, öz otağına çəkilib bir müddət gözləməli olmuşdu. Yaxşı xatırlayırdı, hələ lap kiçik olanda div özündən böyük bacı və qardaşlarını yuxuya verib xəyala dalar, gələcək haqqında, həyatın mənası haqqında düşüncələrə qapılardı. Gecənin bir aləmində atası onların yataq otağının qapısını aralayıb eynən onun özü kimi soruşardı: “Kim yatmış, kim oyaq?” O da oz nvbəsində sevincək dillənərdi. Atası onu qucağına alıb nə üçün yatmadığını soruşardı və uzun-uzun söhbətə başlardılar. Daha çox atasından insanlar haqqında soruşardı və atasının hələ o zamanlar söylədiyi bu sözlər yaddaşının dərin qatlarında özünə yer etmişdi: “yadında qalsın oğlum, insanlar onlarla mərhəmətli davrandığın zaman səninlə hesablaşmazlar, onlara qarşı nə qədər zalım və əzazil olsan bir o qədər müvəffəqiyyət qazanarsan”

Div ayağını çənəsinin altına qoyub düşünür, Cırtdanla necə rəftar edəcəyini götür-qoy edirdi. Bəni-insan tayfası arasında beləsinə rast gəlməmişdi. İnsanlar adətən kös vurub yatmağa meylli olurdular, ancaq bu Cırtdan nə cürə toxum idisə onlara bənzəmirdi. Div div olsa da ayıq insanlara hörməti vardı, bu cür ayıq insana o həyatında rast gəlməsə də, şüuraltı olaraq onunla xüsusi tərzdə davranmaq lazım olduğunu anlayırdı. Beləcə, qarışıq düşüncələr içərisində təkrar uşaqların yatdığı otağa girdi, lap astadan: “kim yatmış, kim oyaq?” deyə soruşdu. Cırtdan, lap “həmişə hazıram” deyən sovet pionerləri kimi bağırdı: “hamı yatıb, Cırtdan oyaq!”

- Cırtdan, oğlum, hələ gəl görüm, sən nə üçün oyaqsan.

Cırtdan yerindən qalxıb yaxınlaşdı, div onu ovuclarının içərisinə alıb mətbəxə apardı, stolun arxasına keçib oturdu, çay fincanını tərsinə çevirib Cırtdanı da onun üstündə oturtdu.

- Həə, Cırtdancığaz, sən bilirsən ki, mən dünyagörmüş bir divəm, bu günə qədər neçə ev yıxıb, neçə insanın başını yediyimin sayını-hesabını da itirmişəm. Siyasətdən də az-maz başım çıxır. Bax, sən bu balaca boyunla istəyirsən məni devirəsən, axı belə olmaz...

- Mən heç də səni devirmək istəmirəm – Cırtdan etirazını bildirdi – sadəcə istəyirəm öz xalqımı xilas edəm...

Div müştüyünü tütünlə doldurub tələsmədən yandırdı, dərin bir qullab vurub dedi:

- Cırtdan bəy, çox xalq, xalq deyirsən, bax sənin nənən bu “xalqa” yağlı əppək verməsəydi onlar səni yarı yolda atıb qaçarlardı.

- Aaa, sən hardan bilirsən nənəmin uşaqlara yağlı əppək verməyini?

- Ha-ha-ha! Oğlum, mən hər şeyi bilirəm. İstəyirsən sənə nağılın sonunu da danışım. Necə məni xəlbirlə suya göndərəcəksən, boynuma dəyirman daşı salıb çayda boğacaqsan.

Div bunları deyib, Cırtdanın bərəlmiş gözlərinin müşayəti altında ayağa qalxdı, boyası qopmuş dəmir seyfə yaxınlaşdı, oradan bir dosye alıb gətirdi, Cırtdanın qarşısında stolun üstünə qoydu. Cırtdan hoppanıb fincanın üstündən aşırıldı, dosyanı vərəqləməyə başladı. Aman allah, burada nələr yox idi, Cırtdanın bütün dostlarının fotoşəkilləri, onların Cırtdan haqqında ifadələri, hətta Cırtdanın nənəsinin cavan çağlarının erotik pozada fotoları. Bunları görüncə Cırtdan qorxudan büzüşüb bir az da balacalaşdı. Ən yaxın dostu Qənbərin onun haqqında yazdıqlarını oxumaqdan özünü saxlaya bilmədi: “Son beş ildə Cırtdanın bu səfsətə və sayıqlamaları, zərərli məfkurə və meyillər daşıyan əsərləri, həmçinin onun ziyalılarımıza atdığı bir sıra böhtanlar, sovet ideologiyasına qarşı bəzən passiv, bəzən də qeyri-səmimi münasibəti partiyamız tərəfindən dəfələrlə ifşa edilmişdir. O, bir neçə dəfə öz səhvlərini islah edəcəyinə söz vermişsə də yazdığı məqalələrdə öz sözünü yerinə yetirmək üçün heç bir hərəkət göstərməmişdir. Cırtdan, bu gün də nənəsinin gül balası olaraq ölkədə demokratiyanın bilavasitə inkişafında və onun böyük məsələlərinin həllində heç bir aktivlik göstərməyib... Bütün bunlara əsasən Cırtdanın həbs olunmasına və ya ölkə vətəndaşlığından xaric edilməsinə möhkəm əsaslarımız vardır.”

- Aha, demək belə, əclafın biri əclaf! – bu kəlmələr qeyri-ixtiyari olaraq Cırtdanın dilindən qopdu.

- Bax, görürəm ziyalı oğlansan, əgər yaxşı fikirləşsən, mənim səninlə heç bir problemim yoxdur. Axı “xalq-xalq” deyib ozunu yormağın mənası nədir? De görüm sonunda nə qazanacaqsan? Yadında saxla oğlum, el üçün yanan şam tez sönər. Ən yaxşısı, mənim əleyhimə kompaniya aparmağı bir tərəfə burax, gəl keç mənim tərəfimə. İstərsən nənənini də gətir, birlikdə mənim yanımda yaşayın...

Cırtdanın üzündə qəribə bir ifadə vardı, sanki eşitdiyi sözlər ona dərindən təsir etməkdəydi. Ancaq zalımın, istismarçı divin yanında olmağı özünün ziyalı şərəfinə sığışdıra bilmirdi. Div söylədiklərində təpədən dırnağa qədər haqlıydı, ancaq eyni zamanda birdən-birə dostlarını satıb divin tərəfinə keçmək ona böyük şərəfsizlik kimi gəlirdi.

Div ayağa qalxıb təkrar paslı dolaba yaxınlaşdı, oradan bir ovuc dollar paçkası götürüb ehmalca Cırtdanın qarşısına qoydu:

- Ey qəhrəman bəni-adəm balası, axı nə vaxta qədər sən meşədən odun toplayıb satmaqla dolanacaqsan. Axı sən böyük işlər üçün yaranmısan, sən öz qiymətli zəkanı odun satmaqdan başqa əlindən bir iş gəlməyən bu tərəkəmə uşaqlarına nə vaxta qədər xərcləyəcəksən, öz gözəl ömrünü divlərlə mübarizəyə sərf edəcəksən? Mən sənə səmimi qəlbdən deyirəm, al bu pulları, yoldaşlarına verib onları yola sal, özün isə mənim yanımda qalıb firəvan yaşa. Yaz, yarat, intellektual işlərlə məşğul ol....

Cırtdanın sanki deməyə sözü qalmamışdı, artıq beyni də sanki onun deyildi, qarşısındakı pullarla nələri etməyin mümkün olduğunu hesablamaqla məşğul idi. Div öz növbəsində, onun susqunluğunu razılıq əlaməti kimi başa düşdü, ürəklənib təbəssümlə əlavə etdi:

- İndi isə, mənim əziz balam, yoldan gəlmisən, çox yorulmusan, gedib yata bilərsən. qalan şeyləri də sabah danışarıq!

Divin gözlərində qeyri-adi nəcib bir ifadə yaranmışdı, onun qorxunc, əzazil görkəmindən əsər əlamət qalmamışdı artıq. Cırtdanın canını xoşbəxt bir rahatlıq bürümüşdü:

- Gecən xeyrə qalsın! – deyib öz otağına çəkildi və həyatının ən dərin yuxusuna daldı.

Div isə bayıra çıxıb manqal üçün odun toplamaqla məşğul olmağa başladı.

 

 

کیم یاتمیش، کیم اویاق؟  

( جیرتدان خالق ناغیلینا دئکانستراکشن)

 

  جیرتدانین احوالاتی چوخ مشهوردور، آنجاق اونون اؤز یولداشلاری ایله بیرلیکده دیوین ائوینده کئچیردیگی بیر گئجه­نین تفصیلاتینی چوخلاری بیلمیر. یادینیزدادیرسا دیو گئجه یاری اوشاقلارین یاتدیغی اوتاغا داخیل اولوب «کیم یاتمیش، کیم اویاق؟» دئیه سوروشموشدو، جیرتدان ایسه جاوابیندا اونا  «هامی یاتمیش جیرتدان اویاق» جاوابینی وئرمیشدی.

  بو جاوابی ائشیدن دیو درین دوشونجه­لره دالمیشدی، اؤز اوتاغینا چکیلیب بیر مدّت گؤزله­مه­لی اولموشدو. یاخشی خاطیرلاییردی، هله لاپ کیچیک اولاندا دیو اؤزوندن بؤیوک باجی و قارداشلارینی یوخویا وئریب خیالا دالار، گله­جک حاقیندا، حیاتین معناسی حاقیندا دوشونجه­لره قاپیلاردی. گئجه­نین بیر عالمینده آتاسی اونلارین یاتاق اوتاغی­نین قاپیسینی آرالاییب عئینن اونون اؤزو کیمی سوروشاردی: «کیم یاتمیش، کیم اویاق؟» او دا اوز نوبه­سینده سئوینجک دیللنردی. آتاسی اونو قوجاغینا آلیب نه اوچون یاتمادیغینی سوروشاردی و اوزون-اوزون صؤحبته باشلاردیلار. داها چوخ آتاسیندان اینسانلار حاقیندا سوروشاردی و آتاسی­نین هله او زامانلار سؤیله­دیگی بو سؤزلر یادداشی­نین درین قاتلاریندا اؤزونه یئر ائتمیشدی: « یادیندا قالسین اوغلوم، اینسانلار اونلارلا مرحمتلی داوراندیغین زامان سنینله حسابلاشمازلار، اونلارا قارشی نه قدر ظالیم و ازازیل اولسان بیر او قدر موفقیت قازانارسان»

  دیو آیاغینی چنه­سی­نین آلتینا قویوب دوشونور، جیرتدانلا نئجه رفتار ائده­جگینی گؤتور-قوی ائدیردی. بنی-اینسان طایفاسی آراسیندا بئله­سینه راست گلمه­میشدی. اینسانلار عادتن کؤس ووروب یاتماغا مئیل­لی اولوردولار، آنجاق بو جیرتدان نه جوره توخوم ایدیسه اونلارا بنزمیردی. دیو دیو اولسا دا آییق اینسانلارا حؤرمتی واردی، بو جور آییق اینسانا او حیاتیندا راست گلمه­سه ­ده، شوورالتی اولاراق اونونلا خوصوصی طرزده داورانماق لازیم اولدوغونو آنلاییردی. بئله­جه، قاریشیق دوشونجه­لر ایچریسینده تکرار اوشاقلارین یاتدیغی اوتاغا گیردی، لاپ آستادان: «کیم یاتمیش، کیم اویاق؟» دئیه سوروشدو. جیرتدان، لاپ «همیشه حاضیرام» دئیه­ن سووئت پیونئرلری کیمی باغیردی: «هامی یاتیب، جیرتدان اویاق»!

  - جیرتدان، اوغلوم، هله گل گؤروم، سن نه اوچون اویاقسان.

  جیرتدان یئریندن قالخیب یاخینلاشدی، دیو اونو اوووجلاری­نین ایچریسینه آلیب مطبه­خه آپاردی، ستولون آرخاسینا کئچیب اوتوردو، چای فینجانینی ترسینه چئویریب جیرتدانی دا اونون اوستونده اوتورتدو.

  - هه، جیرتدانجیغاز، سن بیلیرسن کی، من دونیا گؤرموش بیر دیوم، بو گونه قدر نئچه ائو ییخیب، نئچه اینسانین باشینی یئدیگیمین سایینی-حسابینی دا ایتیرمیشم. سییاستدن ده آز-ماز باشیم چیخیر. باخ، سن بو بالاجا بویونلا ایسته ییرسن منی دئویره­سن، آخی بئله اولماز... 

  - من هئچ ده سنی دئویرمک ایستمیرم - جیرتدان اعتیراضینی بیلدیردی - سادجه ایسته­ییرم اؤز خالقیمی خیلاص ائدم...

  دیو موشتویونو توتونله دولدوروب تلسمه­دن یاندیردی، درین بیر قوللاب ووروب دئدی:

  - جیرتدان بی، چوخ خالق، خالق دئییرسن، باخ سنین ننه­ن بو «خالقا» یاغلی اپپک وئرمه­سه­ ایدی اونلار سنی یاری یولدا آتیب قاچارلاردی.

  - آاا، سن هاردان بیلیرسن ننه­مین اوشاقلارا یاغلی اپپک وئرمگینی؟ 

  - ها-ها-ها! اوغلوم، من هر شئیی بیلیرم. ایسته­ییرسن سنه ناغیلین سونونو دا دانیشیم. نئجه منی خلبیرله سویا گؤندره­جکسن، بوینوما دییرمان داشی سالیب چایدا بوغاجاقسان.

  دیو بونلاری دئییب، جیرتدانین برلمیش گؤزلری­نین موشایتی آلتیندا آیاغا قالخدی، بویاسی قوپموش دمیر سئیفه یاخینلاشدی، اورادان بیر دوسیئ آلیب گتیردی، جیرتدانین قارشیسیندا ستولون اوستونه قویدو. جیرتدان هوپپانیب فینجانین اوستوندن آشیریلدی، دوسیانی ورقله­مه­یه باشلادی. آمان آللاه، بورادا نه­لر یوخ ایدی، جیرتدانین بوتون دوستلاری­نین فوتوشکيل­لری، اونلارین جیرتدان حاقیندا ایفاده لری، حتّی جیرتدانین ننه­سی­نین جاوان چاغلاری­نین ائروتیک پوزادا فوتولاری. بونلاری گؤرونجه جیرتدان قورخودان بوزوشوب بیر آز دا بالاجالاشدی. ان یاخین دوستو قنبرین اونون حاقیندا یازدیقلارینی اوخوماقدان اؤزونو ساخلایا بیلمه دی: «سون بئش ایلده جیرتدانین بو سفسطه و ساییقلامالاری، ضررلی مفکوره و مئییللر داشییان اثرلری، همچنین اونون ضیالیلاریمیزا آتدیغی بیر سیرا بؤهتانلار، سووئت ایدئولوگییاسینا قارشی بعضن پاسسیو، بعضن ده غئیری-صمیمی موناسیبتی پارتییامیز طرفیندن دفعه­لرله ایفشا ائدیلمیشدیر. او، بیر نئچه دفعه  اؤز سهولرینی ایصلاح ائده­جگینه سؤز وئرمیشسه ده یازدیغی مقاله­لرده اؤز سؤزونو یئرینه یئتیرمک اوچون هئچ بیر حرکت گؤسترمه­میشدیر. جیرتدان، بو گون ده ننه­سی­نین گول بالاسی اولاراق اؤلکه ده دئموکراتییانین بلاواسیطه اینکیشافیندا و اونون بؤیوک مسله­لری­نین حل­لینده هئچ بیر آکتیولیک گؤسترمه­ییب... بوتون بونلارا اساسن جیرتدانین حبس اولونماسینا و یا اؤلکه وطنداشلیغیندان خاریج ائدیلمه­سینه مؤحکم اساسلاریمیز واردیر».

  - آها، دئمک بئله، اجلافین بیری اجلاف! - بو کلمه­لر غئیری-ایختییاری اولاراق جیرتدانین دیلیندن قوپدو.

  - باخ، گؤرورم ضیالی اوغلانسان، اگر یاخشی فیکیرلشسن، منیم سنینله هئچ بیر پروبلئمیم یوخدور. آخی «خالق-خالق» دئییب اؤزونو یورماغین معناسی ندیر؟ ده گؤروم سونوندا نه قازاناجاقسان؟ یادیندا ساخلا اوغلوم، ائل اوچون یانان شام تئز سؤنر. ان یاخشی­سی، منیم علئیهیمه کومپانییا آپارماغی بیر طرفه بوراخ، گل کئچ منیم طرفیمه. ایسترسن ننه­نینی ده گتیر، بیرلیکده منیم یانیمدا یاشایین...

  جیرتدانین اوزونده غریبه  بیر ایفاده واردی، سانکی ائشیتدیگی سؤزلر اونا دریندن تاثیر ائتمکده ­ایدی. آنجاق ظالیمین، ایستیثمارچی دیوین یانیندا اولماغی اؤزونون ضیالی شرفینه سیغیشدیرا بیلمیردی. دیو سؤیله­دیکلرینده تپه­دن دیرناغا قدر حاقلی ایدی، آنجاق عئینی زاماندا بیردن-بیره دوستلارینی ساتیب دیوین طرفینه کئچمک اونا بؤیوک شرفسیزلیک کیمی گلیردی.

  دیو آیاغا قالخیب تکرار پاسلی دولابا یاخینلاشدی، اورادان بیر اوووج دوللار پاچکاسی گؤتوروب ائهمالجا جیرتدانین قارشیسینا قویدو: 

  - ائی قهرمان بنی-آدم بالاسی، آخی نه واختا قدر سن مئشه­دن اودون توپلاییب ساتماقلا دولاناجاقسان. آخی سن بؤیوک ایشلر اوچون یارانمیسان، سن اؤز قییمتلی ذکانی اودون ساتماقدان باشقا الیندن بیر ایش گلمه­یه­ن بو ترکمه اوشاقلارینا نه واختا قدر خرجلیه­جکسن، اؤز گؤزل عؤمرونو دیولرله موباریزه­یه صرف ائده جکسن؟ من سنه صمیمی قلبدن دئییرم، آل بو پوللاری، یولداشلارینا وئریب اونلاری یولا سال، اؤزون ایسه منیم یانیمدا قالیب فیروان یاشا. یاز، یارات، اینتئللئکتوال ایشلرله مشغول اول...

  جیرتدانین سانکی دئمه­یه سؤزو قالمامیشدی، آرتیق بئینی ده سانکی اونون دئییلدی، قارشیسینداکی پوللارلا نه­لری ائتمگین مومکون اولدوغونو حسابلاماقلا مشغول ایدی. دیو اؤز نؤوبه­سینده، اونون سوسقونلوغونو راضیلیق علامتی کیمی باشا دوشدو، اورکله­نیب تبسسومله علاوه  ائتدی:

  - ایندی ایسه، منیم عزیز بالام، یولدان گلمیسن، چوخ یورولموسان، گئدیب یاتا بیلرسن. قالان شئیلری ده صاباح دانیشاریق!

  دیوین گؤزلرینده غئیری-عادی نجیب بیر ایفاده یارانمیشدی، اونون قورخونج، ازازیل گؤرکمیندن اثر علامت قالمامیشدی آرتیق. جیرتدانین جانینی خوشبخت بیر راحاتلیق بوروموشدو:

  - گئجه­ن خئیره قالسین! - دئییب اؤز اوتاغینا چکیلدی و حیاتی­نین ان درین یوخوسونا دالدی.

  دیو ایسه باییرا چیخیب مانقال اوچون اودون توپلاماقلا مشغول اولماغا باشلادی.