İMlər 

geceadi@gmail.com

 

Qəşəm Nəcəfzadə

قَشَم نجف­زاده  

 

Şeirlər:

+ şeirlər

 

 

 

 

 

 

 

 

 

Qəriblik

 

İtlər səslərini tullayır göyə

Biri ayda ilişir

Sonra itlər hürüşür

O səsi düşürməyə.

Təzə küçüklər doğulur

0 səsi çağırmağa.

 

ağac səslərini su kimi tökür

bir yarpaq səs qalıb əlimdə

ağac ölüb- dirilir

o səsi əlimdən

qaldırmağa.

 

Küləklər suları sovurdu göyə

Bulud ələyində darıxan sular

Damcı şəklində

Deşib güləyi

Qayıtdı yerə.

Ancaq bir damcı qayıtmadı,

Düşüb bir quşun dimdiyinə

Getdi qürbətə...

O vaxtdan yer kürəsi

Quşların dimdiyindən öpür.

 

 

 

Pişik

 

Pişik üçün yemək stolunun üstündən

Yuxarı göy üzü yoxdu.

 

Stolun altına düşən

Insan ayaqlarını

Pişik hər şeydən əvvəl

Nəyinsə quyruğuna oxşadar.

Pişiklərin qara ayaqqıbıların

Altında yemək tapmaq ümidi

Yüz faizdi.

 

Yaxında kürləşən sərçələr

Sanki bir zarafatdı

Pişiklərin gözü önündə

Ölümnən nəticələnən...

 

Ona bax

Ayaq izləri qarın üstə elə qalır

Hərdən qayıdıb öz ayaq izlərini

Yad kimi iyləyir pişik.

 

Pişikdən soruşsan: insanın adı nədir?

Deyər sümük.

 

 

 

 

Ev əşyaları...

 

Otuz illik soyuducunun əsas arzusu

Otağın o biri başına adlamaqdı.

Tırıldayır bax

Trıldamaq darıxmaqdı.

 

Evin içində bir addım atmaq

Opdan pəncərəyə baxmaq

Şümal bədənini hamıya göstərmək

Arzusu

ayağı kimi çürümüş artıq.

 

bir dəfə evin xanımı da demişdi  belə

soyuducu orda yox burda yaxşıdı

sonra yaddan çıxdı hər şey.

 

televizor on ildi köhnə yerində

bütün verilişləri təkrar...

 

Paltar yuyan maşının

ən çox yuduğu corablardı

Ən boyük arzusu

bir corab qədər yerimək...

 

şifonerin əyilmiş ayaqlarını altına

təzə kağız parçası qoyulmuş

bir az şifonerə təzəlik dəymiş...

 

evi dəyişməsəniz də

hərdən evdə əşyaların yerini dəyişin

ev gözünüzə təzə dəysin.

 

 

 

Eynək

 

Evdə tez-tez itirdiyim şey

eynəyimdi

Eynəyi də tez tapıb

Gətirən qızımdı

Indi qızım nişanlanıb

həyat yoldaşım indi ən çox

Eynəyimin fikrini eləyir.

 

 

 

Pəncərə  şüşəsi

 

Burnumu pəncərə şüşəsinə

Dayayıb

Düz iyirmi il getdim qabağa

Səni qoyub gəldiyim yerə

Ömrümün əvvəlinə

Yadındadı ütü əlini

Yandırmışdı ha...

Mən də dərman almışdım  ha...

Məktəbi təzə bitirmişdin ha...

Hətta əllərini mənə göstərməyə

Utanırdın ha...

Deyirdin əllərim yoxdu ,

Pişik yeyib.

Onda mən sənin əllərini

Tapan gündən sevdim

Nə gözəl əllərin varmış...

Pəncərə şüşəsi olmasaydı

Irəli gedə bilməzdim

Bir saat da olsun...

Heyranam

Şüşəylə burnun möcüzəsinə...

 

 

 

Axtarış

 

Balaca oğlum

Hər axşam yatanda

Corablarını hara tullayırsa

Səhər oyananda tapa bilmir.

Səs-küyünə qalxıb

Hamımız evdə corab axtarırıq.

Məncə yaxşıdı

Səhərimiz hər gün

“axtarış”la başlayır.

 

 

 

Deyirəm

 

Anam yoxdu...

Atam tək qalıb nəvələrinin içində

Domina oynayırlar...

Uşaqlar yan-yörəsinə

Zamanın parcalari kimi səpilib

əl çalırlar babalarının

uduzduğuna.

Deyirəm anam sağ olsaydı

Atam domina oynamazdı.

Oynasaydı uduzmazdı.

Gəlinləri nahara çağırır

Yubanmır.

Anam sağ olsaydı...

 

 

 

Divan

 

Gecələr yatdığım divanın

Cırıldayan ayağı

Həmişə mənə

Yaşamağımı xatırladır.

Hərdən əllərimi divanın

Altına salıb

O ayaqdan yapışıram.

Yadıma düşür ki, onu

Kirayə mənzilimizdən

Çıxardanda sındlrmışam.

 

O biri ayaqlar

sağ-salamat deyə

Mənə yaddı.

əgər dayansa cırıltı

demək həyat bitdi.

   

 

 

Zaman

 

Zaman yanımdan elə ötür

Ayaqlarını yerə elə basır

Bir damcı da hiss eləmirəm...

Bir onu bilirəm

səhər qırxdığım üzümdən

saqqalım çıxır

yadıma bir məsəl düşür:

“Ay saqqalı ağarmış.”

 

 

      ***

    

Həyatımda nə dəyişıb, nə?

-Heç nə

bir onu bilirəm bu il

otağımda tək kitab

rəfinin yerini dəyişdirmişəm.

 

 

 

Təqvim

 

İyul günlərinin üstündən

Qara xətt çəkilib.

Elə bil şallaqla bir sürü

Milçəyi qırıblar.

Tək öldürülməmiş iki gün qalıb

Iki ağ kəpənək...

Eh uça bilsəydi o iki gün

Dayansaydı vaxt...

 

 

 

Gərək ki

 

Hərdən yadıma düşür ki, sən varıydın bir vaxt

Gərək ki, Gəncədən idin...

Gərək ki, adın Bənövşə idi...

Gərək ki, orta məktəbdə müəllim işləyirdin...

Gərək ki, sol qolun ağrıyırdı...

Gərək ki, televizor almaq istəyirdin...

Səhv etmirəmsə yaşıl donun vardı...

Yaxası düyməli...

 

 

 

Əslində...

 

Müharibədə məğlub olmaq

Qalib gəlmək deməkdi.

əsgərlər ağlaya bilirsə əgər

göz yaşlarını yanaqlarına sərib

zəfər nəğməsini oxuyurlar...

 

Əslində qalib gəlməyin özü

bir aldanışdı.

Bir il beş il adlayar

Bir də görərsən

Düz çökərlər öldürdüyünün

Qarşısında qaliblər.

 

Istehsal edilən silahlar

Sulahsızın önündə

ağlamaqdı.

Bunu bir dəfə də olsun

Anlamadı ölkələr...

 

 

 

***

Məndən sənə vəsiyyət,

Həmişə etibarı kiçik şeylərdə ara.

Onsuz da  ömrümüz o qədər kiçikdir ki,

Böyük şeylərə ehtiyac olmayacaq.

 

 

 

* * *

Ayaqlarını necə sevdiyimi

unutmaram təkcə.

Ancaq o ayaqların 

Sahibi sən olduğunu biləndə

Buna da söz vermirəm.

 

 

* * *

Ayaqqabılar bir

doğulsalar da

görüşə billmir,

Bu tay, o taya

xatirəsini

danışa bilmir.

 

 

 

* * *

Sevgidə bütün sərhədləri keçdi,

İndi mərkəzdə dayanmış...

Özü də peşiman.

 

 

 

* * *

Həkimlər deyir,

Mənim bu günlərdə öləcəyimi.

Qarşında uzanmağıma görə

bağışlarsan!

 

 

 

* * *

Bəlkə də ömrümün sonuna az qalır,

kiçik bir zaman çərçivəsi.

Vaxt dar olduğundan,

Atılıb - düşməyimi

Anlamağa çalış.

 

 

 

* * *

Qızıl üzüklə

həbs etdiyim

barmağından soruşuram

mənsiz keçən günlərini,

etibarlı dustaq tək

o da dinmir.

 

 

 

* * *

Bəlkə də sən ən xəyanətkar

adamsan,

Mən buna inanmaq istəmədiyimdən

əzab çəkirəm.

 

 

 

* * *

İlahi, mənə yazığın gəlsin

Qoyma əllərimi

telefon nömrələrinə uzatmağa,

qıyma kəndir dilimdən asılım.

 

 

 

* * *

Xoş sözlər deyəndə sənə

Azacıq üzümə gülümsəyirsən.

Sənə nə dediyimi

Soruşsam,

Bəlkə də cavab verə bilməzsən.

 

 

 

* * *

Bəlkə səndən başqa

|Sevməyə kimsə var.

Bəlkə o daha təbəssümlü

Daha təcrübəsiz və əlacsız,

Məni kimi kimsəsiz

Məni kimi anasız.

 

 

 

 

* * *

Bir gün oyanmamağımdan,

divanım ağlar.

Hərə bir cür ağlar,

Ancaq  Turalım bu cür ağlar:

“Ata dur get işinə”.

 

 

       

* * *

Gözlərim ürəyimin sahili,

Ürəyim döyünür...dəniz döyünür...

Ürəyimin ləpəsidir göz yaşım.

           

 

 

* * *

Mən bilirdim,

Bizi ölüm ayıra  bilməz,

Ancaq xırda bir şeyin

ayıra biləcəyinə inanırdım.

O vaxt ki, sən mənimlə  təklikdə

Həyacanlanıb, insanlar arasında

Sakit və həyacansız

Dayanmaq bacarığını biləndə.

 

 

 

* * *

Ağlamağımı,

Necə yazıq olmağımı

Sənə desəm,

Deyəcəyin bir cümlədən qorxuram:

“ Bu, hərdən  səndə olur”.

 

 

 

* * *

Yadındadı, dağda

 top oynamağımız?

Vay... Bu da sənin

 yadında deyil.

 

     

 

 

* * *

Qucaqlamadım səni

Qucağım öldü acından.

 

 

 

* * *

Təkəm, evim elə genişdi ki,

Bu genişlik qədər acam,

Bu genişlik qədər yoxam.

 

 

 

* * *

Ay kişi, döymə arvadını

ay əllərin qurusun

Heç bilirsən onu kim sevirdi?

 

 

 

 

* * * 

Ay aman,

Bu qar topunu öpürəm

Üzümü qoyuram üstə.

Bu qar donmuş goz yaşidi

Gözümü qoyuram üstə.

 

 

 

* * *

Səhərin ətəyi kimi

əlin qalıb əlimdə.

 

 

* * *

Görəsən  bu  ağac nə yuxu görür?

Yadında qalırmı

Bu ümidsiz gəlişim,

Bu ümidsiz gedişim ?!

Qalırsa, qalırsa  əgər,

Onda bu ağacın mavi səması

Özünü  atar  yerə

Bir qucaq pambıq  kimi.

Boş qalar, boş qalar eləcə göydə

O mavi səmanın əlinin yeri.

     

 

 

* * *

Mütləq gəlin sabaha,

yadınızdan çıxmasın ha!

 

 

 

* * *

Sərçə ayaqları

damır damımız üstə.

Körpə qızımın ayağı

damır dizimin üstə.

    

       

 

* * *

Quşlar lələk saldı yolumun üstə

məktub kimi,

Məni aldatmaq üçün.

           

 

* * *

Oyunları dodağımda donan,

anası köynəyini yumayan

qırış - qırış fikirli  uşaq,

gəl mənmlə top oyna.

 

 

 

* * *

Ay məni qəbrimdə

gəzən qarışqa,

Sənə qan qalmadı

məni bağışla.

 

 

 

 

* * *

Yaxşıdır şəhərdə

 pamidor satmaq,

Zülümdür bu kənddə

 müəllim olmaq.

 

 

 

* * *

Oğlum, sağ olsaydım

Sənə dost olardım

həyan olardım,

Titrəyən dizinə

qurban  olardım.

 

 

 

* * *

Çiçək aparıram

 mənə toxunma,

Oy... yavaş əzilər

 bənövşələrim.

               

 

 

 

* * *

Qızının göyçəyin

su satan  alır,

Nə deyim nə deyim

belə vətənə.

 

 

 

 

* * *

Mən özüm cəhənnəm

balama hayıf,

Hamı bazar tikdi,

mən şer yazdım.

 

 

 

 

* * *

Oy,  yazıq  ayaqlarım, oy

Mən öləndə

həsrətin yanıma sığışmayacaq.

 

 

 

 

* * *

Başa düşənəcən,

anlayanacan,

Nə çəkdim, çatmadı

əlim bir yerə.

 

 

 

* * *

Sentyabr ayı doludur sənlə

        

 

* * *

Qulağımı tor kimi

atmışam sükuta

səs tuturam sükutdan.

 

 

* * *

Bir barmaqdan düşdü üzük,

Bir qola qolbaq dəymədi.

       

 

* * *

Qəribədi  eey... ölüm

Bəlkə də mənə baxıb,

Gülməkdən ölür Əli Kərim.

 

 

* * *

Bahar qışın dəymiş vaxtdı,

Qış baharın kal vaxtıdır.

       

 

* * *

Balığıyam bu yağışın

Üzüb getmək istəyirəm

Səni qoyub gəldiyim yerə.

Dönüb getmək istəyirəm

aldanmağıma.

 

 

 

* * * 

Ah qadınlar!

Siz abort masasınadan

Düşəndən sonra,

Barı hec olmasa

uşaq dükanından

           üzr istəyin.

 

 

 

* * *

Kücəni süpürən kişi

Mini yubkalı

“qəhbə” sözünü

tüpürdü kücəyə,

Bəlkə maaşı

az olduğuna görə,

Bəlkə də uşağı

ac qaldığına görə.

Amma yenə də

Hər şeydən

əzab cəkir qadınlıq.

 

 

 

* * * 

Dayan,

Qızlar məncə,

barmaqlarından ibarətdir.

 

 

 

* * *

Qapını bağlamışam ki,

döyməyə bir şey olsun,

Hayıf deyil,

O səsə qədər yüyürüb yaşamaq...

 

 

 

 

* * *         

Misralar sən üçün

darıxdığından

İpə sapa yatmır,

qafiyəsizdi.

 

 

 

* * * 

Qolları o  qızın

qardaşı olar,

Yatarlar hərəsi

bir tərəfində.

 

 

* * *

Gözünün üstündə

 gəzdirdiyinin

Ayağı altında