|
geceadi@gmail.com |
|
Güntay Cavanşir / Çevirmələr- Peter Osborne:Modernitə nədir? |
|
+ Çevirmələr: Modernitə nədir? Peter Osborne Çevirən: Güntay Gəncalp
Modernitə modern özəllik, bir növ modern təcrübə və modern dönəmdən ibarətdir. Modernitə ideyası yenilikçilikdən və indiki zamanın keçmiş zamanla hesablaşıb, bəlli olmayan gələcəyə doğru yönəlişindən yoğrulmuşdur. Daha geniş anlamı ilə modernitə ideyası yenilik, ixtira, girişimçilik, yaradıcılıq, öncülük, irəliləyiş, qalxınma, zövq və səliqə qavramlarını da ehtiva etməkdədir. Bu açıdan baxıldığında modernitə əskiçiliyin, əskiliyin, gericiliyin, durğunluğun, zövqsüzlüyün, gələnəklərin tam qarşıtıdır, ziddidir. Modernitə əskiliyi tarixə buraxar, onu indiki zamana daşımanın əleyhinə çıxar. Bütün bunları nəzərə alaraq modernitəni tarixi indiki zaman bilgisinin yapısı olaraq tanımlamaq mümkündür. Modernitə qavramının tarixi kökünü Şarl Budlerin (1845) fransız rəssam Konstantin Guyz haqqında yazdığı Modern həyatın rəssamı məqaləsində bulmaq olar. Bu məqalədə modernitə qavramı bütünü ilə yeni səbk və səliqəni içərməkdə, keçici, hərəkətli, şərtli, qeyri-sabit bir fenomən olaraq tanıdılmaqdadır. Modernitəyə Janus sayağı bir surət də tanınmışdır. Janus iki üzü olan əski Roma tanrılarından biri idi. O, bir üzü ilə gələcəyə, digər üzü ilə də keçmişə baxırdı. Wolter Beniamin´in (1892- 1940) təbirinə görə, yeni qavramı xas bir dəyərdən qopduğu zaman daima bənzər anlamdan ibarət olmuşdur. Bu üzdən bu şəkildə söyləmək mümkündür ki, modernitə keçmiş zamanın indiki zamanda dəstəklədiyi hər şeyə qarşı çıxan bir projədir. Modernitə həm də estetik bir mövzudur. Daha doğrusu modern fəlsəfədə onu estetik cərgədə görməkdədirlər. Estetika, ilk dəfə rasionalist alman filosof Aleksandr Qotlib Bumqarton tərəfindən tələffüz edilmişdir. Estetika sənətdə, ədəbiyatda, fəlsəfədə, sosial ilişkilərdə zövq, səliqə, incəlik arayan fəlsəfənin bir sahəsidir. Bumqartonun şeir üzərinə düşüncələr adlı risaləsində iki qavramla bağlı bilgi verilmişdir: Aestheta, yəni gözləmlənərək (müşahidə edilərək) idrak edilən və noeta, yəni tanınmış, bilinmiş mövzular. Bumqartona görə, gözəllik yüksək insan kamalının duyğular şəklində təzahüründən başqa bir şey deyildir. Bir çox filosofların müşahidəsinə görə əməli estetika Çində mövcud olmuşdur. Modernitə zaman və məkan konusunda xüsusi təcrübə birikiminə sahibdir. Ancaq modernitənin tarixi ölçüsü də mövcuddur. Yəni zamanı ancaq tarixi bir anda və bir toplum örnəyində təcrübə etmə məsələsi modernitəyə sosiolojik bir olqu olaraq kültürəl boyut qazandırır. Sosiolojik qavram olaraq modernitə, sənayeləşmə, sekularizm, brokrasi və şəhər həyatı ilə sıx ilişkidədir. Fransız sosioloq Emil Dürkhaym´a (1858-1917) görə, modernitə mexanik dayanışmadan orqanik dayanışmaya doğru hərəkətlilikdir. Mexanik dayanışmada insanlar qəbilə, tayfa kimliyi əsasında yardımlaşırlar. Millətləşmə sürəcini başa çatdırmamış bir çox toplumlarda bu gündə bu növ dayanışmanın örnəklərinə rastlanmaqdadır. Orqanik dayanışmada ixtisas kimliyi əsasında yardımlaşma ortaya çıxır. Modern millət olmanın özəlliklərindən biri də budur. Sənayeləşmə insanlara ixtisas qazandırır və fərdin toplumdakı yeri, gərəkliliyi və dəyəri onun qəbilə mənsubiyətinə görə deyil, bilgisinə, ixtisasına görə müəyyən edilir. Modernitənin iqtisadi və sosioloji planda gətirdiyi yeni insan tipi ixtisası olan eyitilmiş fərddir. Alman sosioloq Ferdinan Toniz´ə görə isə, modernitə şəxsin cəmiyyət içində mövcud olan əlaqələrinin toplum içində fərdi münasibətlərə dönüşməsidir. Cəmiyətçilikdən kənardaqalma imkanını modernitə fərdə tanımışdır. Maks Weber isə modernitəni rasionallaşma sürəci və demistifikasion (əsatirlərdən arınma) prosesi olaraq anladır. Karl Marks´a görə isə, modernitə birikmiş sərmayənin ortaya qoyduğu dinamikliyin ürünüdür. Modern və modernitə qavramlarının ortaya çıxması və gəlişməsi açısından 5 aşamanı təsbit etmək mümkündür: 1. Latınca bir termin olan modernus əski ilə yeninin, əhdi-ətiqlə (əski çağla) əhdi-cədidin (yeni çağ) sınırlarını bilmək, indiki zamanla keçmiş zamanın fərqinə varmaq üçün kullanılırdı. indiki zamandan yeni bir tanım ortaya qoyan bu qavram əskiçilər və yenilikçilər arasındakı çəlişkini (təzaddı) ifşa etdi. Bu qavram XII əsrin ikinci yarısından rönesansın başlanqıcına qədər olan zamanı orta çağ olaraq bəlirlədi. 2. Qavramlar üzərinə geniş və dərin təhlil XV əsrdə yeni dönəmin başlaması ilə ortaya çıxmışdır. Bu izahlar özəlliklə rönesans və reformasion kimi terminlər üzərinə yükləndi. Daha sonrakı aşamada bu gün artıq Qərbdə tarixə gömülmüş olan orta çağ termini idi. Əski Yunan və Roma kültürünün şirk (Tanrıya şərik qatma) özəlliyini açıqlamaq üçün əhdi ətiq anlayışı doğdu. Bu sürəc içində orta çağı dışlama nəticəsində əski çağ və modern dönəm arasında irtibat quruldu. Çünkü rönesans, özəlliklə əski Yunan kültürünə çox önəm verirdi. Bu dönəmdə modern qavramı orta çağ qarşıtı, ziddi olaraq tələffüz edilir və antik çağ dəyərlərinə xoşgörü ilə yanaşmağa başlayır. Hətta antik çağın bir çox dəyərlərini təqlid etmək rönesansın özəlliklərindən sayılır. 3. Üçüncü mərhələ XVI əsrdən başlayaraq XVII əsrin sonuna qədər davam etdi. Tarixi devirləri izah edən terminlər kimi, rönesans və reformasion terminlərinin missionları artıq bitmişdi. Yeni aşamanın doğuşu üçün fərqli toplumsal və tarixi ortam yaranmışdı. Bu dönəmdə modernus terminində gizlənmiş olan yenilik, ixtira, girişimçilik kimi qavramlar indilik anlamında ifadə edilmişdir. Rönesans, dini inancların hakimiyətini ortadan qaldıraraq antik çağın əqli çalışmalarını bərpa etmək istər. Bu çağ isə görüşlərin kitablaşmasını önə sürmüşdü. Kitablaşma sürəci bu dönəmə aid bir özəllikdir. 4. Dördüncü dönəm aydınlanma aşaması olaraq bilinməkdədir. Aydınlanma aşaması iki önəmli xüsusiyatı ilə bilinir: a. Xristianlığın o dünya, İsanın yenidən dönəcəyi inancını ortadan qaldırır. b. Yeni dünyanın insanları üçün bilgini önərər. Dinin cənnət təlqinlərini ortadan qaldıraraq əmək və elmi bu dünyada yaradılacaq cənnətin faktorları kimi önə sürər. Modernitə, tarixi zaman haqqında yeni bilgi olaraq ortaya çıxmışdır. Bu cərəyanlar XVIII əsrin sonlarındakı sənayeləşmə və böyük fransa inqilabı ilə daha da sürətlənir. Bu proses içində bəzi tarixi terminlər ortaya çıxdı. Devrim, gəlişmə, qalxınma, böhran, zamanın ruhu, çağ və tarix kimi terminlər bu dönəmdə yeni anlam daşıdılar. Beləliklə modern qavramı sadəcə orta çağın ziddi kimi bəsit bir anlam daşımamış, ümumiyətlə bütün gələnəklərə qarşı çəxmışdır. Ayrıca, modernitənin üzərinə yapılan təriflər də keçici olmuşdur. Modernitə üzərinə hər an yeni təriflər edilə bilər. Bəlli olmayan gələcəyin öz modernitə anlamı olacaqdır. 5. İndiki zamanı incələmək üçün V mərhələni də artırmaq lazımdır. Bu mərhələdə modernitənin zamana uyğunluğunda paradoks ortaya çıxır. V aşama əslində İkinci Dünya Savaşından sonra görünmüşdür. Bu dönəmdə modern qavramı mütləq indilik məntiqini bir az yumşaldıb, indilikdə hüzur və güvən yarada biləcək keçmışə açılmağa başlamışdır. İndi isə modernitə öz keçmişində yalnızlaşmışdır. Əski ilə modern arasındakı savaş yerini modernlə çağdaşlar (müasirlər) arasındakı savaşa buraxmışdır. Çağdaşlar postmodern adı ilə meydana gəlmişlər. Ancaq postmodern olmaq, əslində modern qalmaqdan başqa bir şey deyildir. Daha doğrusu postmodern modernitəni gücləndirmişdir, zəiflətməmişdir. Postmodern, modernin önə sürdüyü çağın gerisində qalmamaq, önündə olmaq görüşünü savunmuşdur. Bu üzdən də Francois Lyotard belə bir sual soruşur: postmodern nədir? Şübhəsiz ki, postmodern modernin bir parçasıdır. Bir əsərin modern olaraq qala bilməsi üçün öncə postmodern olması gərəkir. Bu üzdən də modernizm hələ sona çatmamış bir projedir. Bu sürəc bu şəkildə davam edəcəkdir. Beləliklə tarixi mərhələləri sinifləndirmək açısından modernitə iki rol ifa etməkdədir: 1. Bir çağın müasir olmasını, onun sinifləndiyi dönəmə aid edir. 2. Bu müasirlik yeni keyfiyəti ilə fərqlənir və indiki zamanı ən yaxın keçmiş zamandan ayırır. Bu iki durum modernitənin dialektikasını oluşdurur. Bu dialektik sürəc modernitənin davamlılığına, güclülüyünə səbəb olur. Habermas kimi bir çox yozumçular modernitəni aydınlanma sürəcinin bitməmiş bir projesi olaraq dəyərləndirirlər. Bu təhlillər çərçivəsində İkinci Dünya Savaşından sonra Amerika Birləşik Dövlətlərində modernizasion qavramı geniş miqyasda tələffüz edilməyə başladı. Bu da burjuazinin daha sürətli şəkildə böyüməsi hesabına idi. Sovetlər Birliyi dağıldıqdan sonra Şərqi Avropa ölkələrində də modernitə ilə ilgili çox bəsit təhlillər ortaya atıldı. Bu da onu göstərir ki, gerçəkdən də modernitə bir başa Qərbi Avropanın iqtisadi, siyasi və mədəni həyatı ilə sıx əlaqəli olan bir olqudur. Çünkü modernitə qavramı keçiciliyi və zamana uyğunluğu ifadə etsə də, onun ən gəlişmiş şəkli ancaq ön şərtlər və coğrafi zəminlər üzərində gerçəkləşdi. Yəni imperialist dövlətlərin Qərbi Avropada meydana gəlişi və bununla bərabər dənizçiliyin böyüməsi və sömürgə ölkələrə açılma Avropa mədəniyətini fərqlləndirdi. Sürətlə ortaya çıxan bu fərqli mədəniyət modernitənin doğuşuna və gəlişməsinə şərait yaradırdı.
مودئرنیته ندیر؟ پئتئر اوسبورنه چئویرَن: گونتای گنجآلپ
مودئرنیته "مودئرن" اؤزللیک، بیر نؤوع "مودئرن" تجروبه و "مودئرن" دؤنمدن عیبارتدیر. مودئرنیته ایدئیاسی یئنیلیکچیلیکدن و "ایندیکی زامانین" کئچمیش زامانلا حسابلاشیب، بللی اولمایان گله جگه دوغرو یؤنه لیشیندن یوغرولموشدور. داها گئنیش آنلامی ایله مودئرنیته ایدئیاسی یئنیلیک، ایختیراع، گیریشیمچیلیک، یارادیجیلیق، اؤنجولوک، ایره لیله ییش، قالخینما، ذؤوق و سلیقه قاوراملارینی دا احتیوا ائتمکده دیر. بو آچیدان باخیلدیغیندا مودئرنیته اسکیچیلیگین، اسکیلیگین، گئریجیلیگین، دورغونلوغون، ذؤوقسوزلوگون، گلنَکلرین تام قارشیتیدیر، ضیددیدیر. مودئرنیته اسکیلیگی تاریخه بوراخار، اونو ایندیکی زامانا داشیمانین علئیهینه چیخار. بوتون بونلاری نظره آلاراق مودئرنیته نی "تاریخی ایندیکی زامان بیلگیسی نین یاپیسی(ساختاری)" اولاراق تانیملاماق مومکوندور. مودئرنیته قاورامی نین تاریخی کؤکونو شارل بودلئرین (1845) فرانسیز رسسام کونستانتین گویز حاققیندا یازدیغی "مودئرن حیاتین رسسامی" مقالهسینده بولماق اولار. بو مقاله ده "مودئرنیته" قاورامی "بوتونو ایله یئنی سبک و سلیقه"نی ایچرمکده، "کئچیجی، حرکتلی، شرطلی، غئیری- ثابیت" بیر فئنومن اولاراق تانیدیلماقدادیر. مودئرنیته یه ژانوس سایاغی بیر صورت ده تانینمیشدیر. ژانوس ایکی اوزو اولان اسکی روما تانریلاریندان بیری ایدی. او، بیر اوزو ایله گله جگه، دیگر اوزو ایله ده کئچمیشه باخیردی. ولتئر بئنیامین´ین 892- 1940) 1) تعبیرینه گؤره، "یئنی" قاورامی خاص بیر دَیردَن قوپدوغو زامان "دایما بنزر" آنلامدان عیبارت اولموشدور. بو اوزدن بو شکیلده سؤیله مک مومکوندور کی، مودئرنیته کئچمیش زامانین ایندیکی زاماندا دستکله دیگی هر شئیه قارشی چیخان بیر پروژه دیر. مودئرنیته هم ده ائستئتیک بیر مؤوضوعدور. داها دوغروسو مودئرن فلسفه ده اونو ائستئتیک جرگه ده گؤرمکده دیرلر. ائستئتیکا، ایلک دفعه راسیونالیست آلمان فیلسوف آلئکساندر قوتلیب بومقارتون طرفیندن تلففوظ ائدیلمیشدیر. ائستئتیکا صنعتده، ادبییاتدا، فلسفه ده، سوسیال ایلیشکیلرده ذؤوق، سلیقه، اینجه لیک آرایان فلسفه نین بیر ساحه سیدیر. بومقارتونون شعر اوزرینه دوشونجه لر آدلی ریساله سینده ایکی قاوراملا باغلی بیلگی وئریلمیشدیر: "Aestheta" ، یعنی "گؤزلمله نَرَک (موشاهیده ائدیلَرَک) ایدراک ائدیلن" و "noeta"، یعنی "تانینمیش، بیلینمیش مؤوضوعلار". بومقارتونا گؤره، گؤزللیک یوکسک اینسان کامالی نین دویغولار شکلینده تظاهوروندن باشقا بیر شئی دئییلدیر. بیر چوخ فیلوسوفلارین موشاهیده سینه گؤره عملی ائستئتیکا چین اؤلکه سینده مؤوجود اولموشدور. مودئرنیته زامان و مکان کونوسوندا خوصوصی تجروبه بیریکیمینه صاحیبدیر. آنجاق مودئرنیته نین تاریخی اؤلچوسو ده مؤوجوددور. یعنی زامانی آنجاق تاریخی بیر آندا و بیر توپلوم اؤرنه یینده تجروبه ائتمه مسئله سی مودئرنیتهیه سوسیولوژیک بیر اولقو اولاراق کولتورَل بویوت (بُعد) قازاندیریر. سوسیولوژیک قاورام اولاراق مودئرنیته، صنایعلشمه، سئکولاریزم، بروکراسی و شهر حیاتی ایله سیخ ایلیشکیده دیر. فرانسیز سوسیولوق ائمیل دورکهایم´ا (1858-1917) گؤره، مودئرنیته "مئکانیک دایانیشما(همیاری)"دان "اورقانیک دایانیشما"یا دوغرو حرکتلیلیکدیر. مئکانیک دایانیشمادا اینسانلار قبیله، طایفا کیملیگی اساسیندا یاردیملاشیرلار. میللتلشمه سورَجینی باشا چاتدیرمامیش بیر چوخ توپلوملاردا بو گونده بو نؤوع دایانیشمانین اؤرنکلرینه راستلانماقدادیر. اورقانیک دایانیشمادا ایختیصاص کیملیگی اساسیندا یاردیملاشما اورتایا چیخیر. مودئرن میللت اولمانین اؤزللیکلریندن بیری ده بودور. صنایعلشمه اینسانلارا ایختیصاص قازاندیریر و فردین توپلومداکی یئری، گرَکلیلیگی و دَیری اونون قبیله منسویییتینه گؤره دئییل، بیلگیسینه، ایختیصاصینا گؤره معین ائدیلیر. مودئرنیته نین ایقتیصادی و سوسیولوژی پلاندا گتیردیگی یئنی اینسان تیپی ایختیصاصی اولان ائییتیلمیش فرددیر. آلمان سوسیولوق فئردینان تونیز´ه گؤره ایسه، مودئرنیته شخصین "جمعیت" ایچینده مؤوجود اولان علاقه لرینین "توپلوم" ایچینده فردی موناسیبتلره دؤنوشمه سیدیر. جمعییتچیلیکدن کناردا قالما ایمکانینی مودئرنیته فرده تانیمیشدیر. ماکس وئبر ایسه مودئرنیته نی راسیوناللاشما سورجی و دئمیستیفیکاسیون (اساتیرلردن آرینما) پروسئسی اولاراق آنلادیر. کارل مارکس´ا گؤره ایسه، مودئرنیته بیریکمیش سرمایه نین اورتایا قویدوغو دینامیکلیگین اورونودور. مودئرن و مودئرنیته قاوراملاری نین اورتایا چیخماسی و گلیشمه سی آچیسیندان 5 آشامانی تثبیت ائتمک مومکوندور: 1. لاتینجا بیر تئرمین اولان مودئرنوس اسکی ایله یئنی نین، عهدی عتیقله عهدی جدیدین سینیرلارینی بیلمک، ایندیکی زامانلا "کئچمیش" زامانین فرقینه وارماق اوچون کوللانیلیردی. "ایندیکی" زاماندان "یئنی" بیر تانیم (تعریف) اورتایا قویان بو قاورام "اسکیچیلر" و "یئنیلیکچیلر" آراسینداکی چلیشکینی (تضاددی) ایفشا ائتدی. بو قاورام 12- جی عصرین ایکینجی یاریسیندان رؤنئسانسین باشلانقیجینا قدر اولان زامانی اورتا چاغ اولاراق بلیرله دی. 2. قاوراملار اوزرینه گئنیش و درین تحلیل 15- جی عصرده یئنی دؤنمین باشلاماسی ایله اورتایا چیخمیشدیر. بو ایضاحلار اؤزللیکله "رؤنئسانس" و "رئفورماسیون" کیمی تئرمینلر اوزَرینه یوکلندی. داها سونراکی آشامادا بو گون آرتیق غربده تاریخه گؤمولموش اولان "اورتا چاغ" تئرمینی ایدی. اسکی یونان و روما کولتورونون شیرک (تانرییا شریک قاتما) اؤزللیگینی آچیقلاماق اوچون "عهدی عتیق" آنلاییشی دوغدو. بو سورج ایچینده اورتا چاغی دیشلاما نتیجه سینده اسکی چاغ و مودئرن دؤنم آراسیندا ایرتیباط قورولدو. چونکو رؤنئسانس، اؤزللیکله اسکی یونان کولتورونه چوخ اؤنم وئریردی. بو دؤنمده "مودئرن" قاورامی "اورتا چاغ" قارشیتی، ضیددی اولاراق تلففوظ ائدیلیر و آنتیک چاغ دَیرلرینه خوشگؤرو ایله یاناشماغا باشلاییر. حتّی آنتیک چاغین بیر چوخ دَیرلرینی تقلید ائتمک رؤنئسانسین اؤزللیکلریندن ساییلیر. 3. اوچونجو مرحله 16- جی عصردن باشلایاراق 17- جی عصرین سونونا قدر داوام ائتدی. تاریخی دئویرلری ایضاح ائدن تئرمینلر کیمی، رؤنئسانس و رئفورماسیون تئرمینلری نین میسسیونلاری آرتیق بیتمیشدی. یئنی آشامانین دوغوشو اوچون فرقلی توپلومسال و تاریخی اورتام یارانمیشدی. بو دؤنمده مودئرنوس تئرمینینده گیزلنمیش اولان یئنیلیک، ایختیراع، گیریشیمچیلیک کیمی قاوراملار "ایندیلیک" آنلامیندا ایفاده ائدیلمیشدیر. رؤنئسانس، دینی اینانجلارین حاکیمییتینی اورتادان قالدیراراق آنتیک چاغین عقلی چالیشمالارینی برپا ائتمک ایستر. بو چاغ ایسه گؤروشلرین کیتابلاشماسینی اؤنه سورموشدو. کیتابلاشما سورجی بو دؤنمه عاید بیر اؤزللیکدیر. 4. دؤردونجو دؤنم آیدینلانما آشاماسی اولاراق بیلینمکده دیر. آیدینلانما آشاماسی ایکی اؤنملی خوصوصییاتی ایله بیلینیر: آ. خریستیانلیغین او دونیا، عیسی نین یئنیدن دؤنه جگی اینانجینی اورتادان قالدیریر. ب. "یئنی دونیا"نین اینسانلاری اوچون بیلگینی اؤنرَر. دینین جنّت تلقینلرینی اورتادان قالدیراراق "امک" و "عئلم"ی بو دونیادا یارادیلاجاق جنّتین فاکتورلاری کیمی اؤنه سورَر. مودئرنیته، تاریخی زامان حاققیندا یئنی بیلگی اولاراق اورتایا چیخمیشدیر. بو جریانلار 18- جی عصرین سونلارینداکی صنایعلشمه و بؤیوک فرانسا اینقیلابی ایله داها دا سورعتله نیر. بو پروسئس ایچینده بعضی تاریخی تئرمینلر اورتایا چیخدی. "دئوریم"، "گلیشمه"، "قالخینما"، "بؤحران"، "زامانین روحو"، "چاغ" و "تاریخ" کیمی تئرمینلر بو دؤنمده یئنی آنلام داشیدیلار. بئله لیکله "مودئرن" قاورامی سادجه اورتا چاغین ضیددی کیمی بسیط بیر آنلام داشیمامیش، عومومییتله بوتون گلنکلره قارشی چخمیشدیر. آیریجا، مودئرنیته نین اوزَرینه یاپیلان تعریفلر کئچیجی اولموشدور. مودئرنیته اوزَرینه هر آن یئنی تعریفلر ائدیله بیلر. بللی اولمایان گله جگین اؤز مودئرنیته آنلامی اولاجاقدیر. 5. ایندیکی زامانی اینجله مک اوچون بو مرحله نی ده آرتیرماق لازیمدیر. بو مرحله ده مودئرنیته نین زامانا اویغونلوغوندا پارادوکس اورتایا چیخیر. بو آشاما اصلینده ایکینجی دونیا ساواشیندان سونرا گؤرونموشدور. بو دؤنمده "مودئرن" قاورامی "موطلق ایندیلیک" منطیقینی بیر آز یومشالدیب، ایندیلیکده حوضور و گووَن یارادا بیله جک کئچمیشه آچیلماغا باشلامیشدیر. ایندی ایسه مودئرنیته اؤز کئچمیشینده یالنیزلاشمیشدیر. "اسکی ایله مودئرن آراسینداکی ساواش" یئرینی "مودئرنله چاغداشلار (موعاصیرلر) آراسینداکی ساواشا" بوراخمیشدیر. چاغداشلار "پوستمودئرن" آدی ایله مئیدانا گلمیشلر. آنجاق پوستمودئرن اولماق، اصلینده مودئرن قالماقدان باشقا بیر شئی دئییلدیر. داها دوغروسو پوستمودئرن مودئرنیته نی گوجلندیرمیشدیر، ضعیفلتمه میشدیر. پوستمودئرن، مودئرنین اؤنه سوردویو چاغین گئریسینده قالماماق، اؤنونده اولماق گؤروشونو ساوونموشدور. بو اوزدن ده فرانتس لیوتار بئله بیر سوال سوروشور: "پوستمودئرن ندیر؟ شوبهه سیز کی، پوستمودئرن مودئرنین بیر پارچاسیدیر. بیر اثرین مودئرن اولاراق قالا بیلمه سی اوچون اؤنجه پوستمودئرن اولماسی گرَکیر. بو اوزدن ده مودئرنیزم هله سونا چاتمامیش بیر پروژه دیر. بو سورج بو شکیلده داوام ائده جکدیر." بئله لیکله تاریخی مرحله لری صینیفلندیرمک آچیسیندان مودئرنیته ایکی رول ایفا ائتمکده دیر: 1. بیر چاغین موعاصیر اولماسینی، اونون صینیفلندیگی دؤنمه عآید ائدیر. 2. بو موعاصیرلیک یئنی کئیفییتی ایله فرقله نیر و ایندیکی زامانی ان یاخین کئچمیش زاماندان آییریر. بو ایکی دوروم مودئرنیته نین دیالئکتیکاسینی اولوشدورور. بو دیالئکتیک سورج مودئرنیته نین داواملیلیغینا، گوجلولوگونه سبب اولور. هابئرماس کیمی بیر چوخ یوزومچولار "مودئرنیته"نی آیدینلانما سورجی نین بیتمه میش بیر پروژه سی اولاراق دَیرلندیریرلر. بو تحلیللر چرچیوه سینده ایکینجی دونیا ساواشیندان سونرا آمئریکا بیرلشیک دؤولتلرینده "مودئرنیزاسیون" قاورامی گئنیش میقیاسدا تلففوظ ائدیلمه یه باشلادی. بو دا بورژوازی نین داها سورعتلی شکیلده بؤیومه سی حسابینا ایدی. ساوئتلر بیرلیگی داغیلدیقدان سونرا شرقی آوروپا اؤلکه لرینده ده "مودئرنیته" ایله ایلگیلی چوخ بسیط تحلیللر اورتایا آتیلدی. بو دا اونو گؤستریر کی، گئرچکدن ده مودئرنیته بیر باشا غربی آوروپانین ایقتیصادی، سیاسی و مدنی حیاتی ایله سیخ علاقه لی اولان بیر اولقودور. چونکو مودئرنیته قاورامی کئچیجیلیگی و زامانا اویغونلوغو ایفاده ائتسه ده، اونون ان گلیشمیش شکلی آنجاق اؤن شرطلر و جوغرافی زمینلر اوزَرینده گئرچکلشدی. یعنی ایمپئریالیست دؤولتلرین غربی آوروپادا مئیدانا گلیشی و بونونلا برابر دنیزچیلیگین بؤیومه سی و سؤمورگه اؤلکه لره آچیلما آوروپا مدنییتینی فرقللندیردی. سورعتله اورتایا چیخان بو فرقلی مدنییت مودئرنیته نین دوغوشونا و گلیشمه سینه شرایط یارادیردی.
|